Prezident İlham Əliyev Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 700 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısının saytında verilən məlumata görə, müvafiq sərəncam bu gün imzalanıb.
Sərəncama əsasən, Ağstafa rayonunun əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayrılacaq.*
X.Nəsirzadə