Azərbaycanda ipoteka kreditləşməsinin cəlbediciliyini artırmaq məqsədilə sosial və kommersiya ipotekası arasında fərqin azaldılması zəruridir. "VTB Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.
“Bu gün kommersiya və sosial ipoteka arasında fərq qalır, lakin azalır, bir çox banklar bu yoldan keçib. Hesab edirəm ki, Azərbaycanda kommersiya və sosial ipoteka üzrə faiz dərcələrinin yaxınlaşdırılması üçün müəyyən vaxt tələb olunacaq”, - Kirin jurnalistlərlə görüşdə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Bankın sədri hesab edir ki, dövlət ipoteka kreditləşməsi proqramının maliyyələşdirilməsini bir müddət davam etdirsəydi, bu bazar üçün müsbət amil olardı. “Bu, bazarın əldə etməyə cəhd etdiyi dərəcələrin müəyyən səviyyəsini təşkil edərdi. Müəyyən vaxtdan, dərəcələr yaxınlaşdıqdan sonra ipoteka bazarını digər mənbələrdən maliyyələşdirmə həcmləri ilə tənzimləmək mümkün olacaq. Xüsusilə, ipoteka kağızları investorlar üçün alət rolunu oynaya bilər”, - Kirin vurğulayıb.
O əlavə edib ki, artıq indi ipoteka kağızlarına tələbat ola bilər, əgər onlarla bağlı gəlirlilik yüksək olarsa.
“Hazırki gəlirliliyin 3% səviyyəsində olduğu halda onları bazar aləti hesab etmək olmaz və onları Mərkəzi Bank satın alır. Misal üçün, təxminən 5-7% səviyyəsində gəlirlilik zamanı qısamüddətli artıq likvidlik banklar tərəfindən AMB-nin hərracları vasitəsilə depozitlıər və ya notlara yerləşdirilir”, - Kirin bildirib.
İpoteka kreditləşməsi üçün uzunmüddətli ehtiyatlara toxunan Kirin qeyd edib ki, hazırda onların olmamasına baxmayaraq, müəyyən mərhələdə bazarda meydana çıxa bilərlər.
“Həyatın yığım sığortasında uzunmüddətli ehtiyatlar var, sosial ayırmalar sistemində islahatlar prosesi davam edir, o cümlədən, icbari tibbi sığorta inkişaf edir. Gələcədkə bu fondlar ipoteka kağızlarına investorlar qismində çıxış edə bilərlər”, - Kirin vurğulayıb. **
Ə.Məmmədov