Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan silahlı birləşmələrinin sərhəddə atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan sərhədçisinin həlak olmasına səbəb olmuş hərəkətlərini məqsədyönlü təxribat sayır.
“Martın 5-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozub. Düşmən qüvvələrin snayperdən açdığı atəş nəticəsində Qazax rayonu Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsindəki sərhədçi əsgərimiz Orxan Nazim oğlu Paşazadə qətlə yetirilib. Baş verən bu qanlı insident məqsədyönlü təxribat xarakteri daşıyır və bu cinayətə görə tam məsuliyyət işğalçı ölkə Ermənistanın üzərindədir”, - deyə XİN-in bəyanatında bildirilir.
XİN hesab edir ki, bu insident işğalçı Ermənistanın münaqişənin sülh yolu ilə həlli çağırışlarının yalan və riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirir.
“Məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu kimi cinayətkar və dağıdıcı fəaliyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə və beləliklə də ATƏT-in Minsk Qrupunun həmsədrləri simasında beynəlxalq ictimaiyyətin səylərinə birbaşa maneə törədir”, - deyə bəyanatda qeyd edilir.
2020-ci ilin fevral-mart aylarında Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması və sərhəddə törədilən təxribatlar nəticəsində Azərbaycanın 3 sərhədçisi həlak olub.*
A.Əzizov