Dövlət Sərhəd Xidməti (DSX) Ermınistanla sərhəddə təxribatın törədilməsi barədə yayılan məlumatları təkzib edib və Ermənistanı Azərbaycanın mövqelərini intensiv atəşə tutmaqda ittiham edib.
“Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyildir və reallığı əks etdirmir”, – deyə DSX-nin mətbuat xidmətinin məlumatında bildirilir.
Mart ayının 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz ER-nın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
“Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, martın 5-də saat 19:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
2020-ci ilin fevral-mart aylarında Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin pozulması və sərhəddə törədilən təxribatlar nəticəsində Azərbaycanın 3 sərhədçisi həlak olub.*
X.Nəsirzadə