Azərbaycanlı şahmatçı Teymur Rəcəbov 15 mart-5 aprel tarixlərində Yekaterinburqda keçiriləcək İddiaçılar Turnirində çıxış etməyəcək. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidmətindən məlumat verilib.
FIDE-nin saytında dərc olunmuş rəsmi bəyanatda deyilir ki, T.Rəcəbov şəxsi səbəblərdən yarışda iştirakdan imtina edib.
T.Rəcəbov 2019-cu ildə Xantı-Mansiyskdə keçirilmiş Dünya Kubokunun qalibi olduqdan sonra İddiaçılar Turnirinə vəsiqə qazanmışdı.
T.Rəcəbovu fransalı Maksim Vaşye-Laqrav əvəz edəcək.
Turnirdə 8 şahmatçı - Yan Nepomnyaşi, Kirill Alekseyenko və Aleksandr Qrişuk (Rusiya), Dinq Liren və Hao Yanq (Çin), Aniş Giri (Niderland), Fabiano Karuana (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) iştirak edəcəklər. Turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.*
A.Əzizov