Azərbaycan Mərkəzi Bankı və Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı sektorunda maliyyələşdirilmə mexanizminin araşdırılması məqsədilə birgə Layihə Qrupu yaradır.
Bu qərar AMB-də ASK sektorunun kreditləşməsi məsələlərinin müzakirələrin yekunlarına dair qəbul olunub. Bu barədə AMB-dən məlumat verilir.
Müzakirələrdə AMB, Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri iştirak ediblər.
“Görüşdə fermerlərin kredit reusrlarına çıxış imkanları, xüsusilə də onların güzəştli kredit resurslarından faydalanması, onlara girovsuz və ya daşınar əmlakın girov qoyulması ilə kreditlərin verilməsi, bütövlükdə daşınmaz əmlakın girovu mexanizminin təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib”, - məlumatda qeyd olunur.
Bundan başqa, ixtisaslaşmış kredit ittifaqlarının yaradılması imkanları və təsərrüfatı subyektlərinin hesabatlığının və şəffaflığının artırılması məsələləri müzakirə olunub.
“Həmçinin, görüş iştirakçıları aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadilıəsi aparıblar”, - məlumatda vurğulanır. **
A.Əzizov