Energetika naziri Pərviz Şahbazov bu gün Vyanada OPEC-in baş katibi Məhəmməd Sanusi Barkondo və Rusiyanın energetika naziri Aleksandr Novak ilə görüşlər keçirib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“M.Barkondo və A.Novakla görüşlərdə neft bazarının qısa və uzunmüddətli perspektivdə inkişafı nəzərdən keçirilib. Neftin qiymətində volatilliyin və tələb-təklif arasında fərqin azaldılması üçün hasilatın məhdudlaşdırılması təklifi üzrə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
Görüşlərdə neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın və öhdəliklərin icrasının zəruriliyi vurğulanıb.
Ötən gün OPEC ölkələri iclasdan sonra ikinci rüb üçün gündəlik neft hasilatının daha 1,5 milyon barrel azaldılmasını və mövcud sazişin (hasilatın 1,7 milyon barrel azaldılmasına dair) müddətinin uzadılmasını təklif edib. Daha sonra Səudiyyə Ərəbistanı OPEC ölkələri ilə hasilatın bütün 2020-ci il üçün gündəlik daha 1,5 milyon barrel azaldılmasını razılaşdırıb.*
N.Abbasova