Energetika naziri Pərviz Şahbazov bu gün Vyanada Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salmanla görüşüb. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“P.Şahbazov səudiyyəli nazirlə görüşdə neftə tələbatı azaldan və qiymətə təsir edən amilləri, o cümlədən koronavirusun iqtisadi inkişafı zəiflətməsi vəziyyətində neft bazarının tənzimlənməsi məsələlərini müzakirə edib. Tərəflər “OPEC plus” ölkələrinin neft bazarına növbəti dəstəyinin vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin ikitərəfli enerji əməkdaşlığına dair məsələlərə də toxunulub. Tərəflər 240 meqavat gücündə külək enerjisi layihəsi üzrə Energetika Nazirliyi və “ACWA Power” şirkəti arasında imzalanmış İcra müqaviləsinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafında əhəmiyyətindən bəhs ediblər.
“Əbdül Əziz bin Salman külək elektrik stansiyasının tikintisi ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi üçün “ACWA Power” ilə müvafiq müqavilələrin imzalanması mərasimində iştirakına razılıq verib”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin nazirlərinin 8-ci görüşü keçiriləcək. Görüşdə “OPEC+” üzrə sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı OPEC-in təklifi əsas müzakirə mövzusu olacaq. Ötən gün OPEC ölkələri iclasdan sonra yalnız ikinci rüb üçün gündəlik neft hasilatının daha 1,5 milyon barrel azaldılmasını və mövcud sazişin (hasilatın 1,7 milyon barrel azaldılmasına dair) müddətinin uzadılmasını təklif edib. Daha sonra Səudiyyə Ərəbistanı OPEC ölkələri ilə hasilatın bütün 2020-ci il üçün gündəlik daha 1,5 milyon barrel azaldılmasını razılaşdırıb.
Energetika Nazirliyi 2020-ci il yanvarın 9-da “ACWA Power” şirkəti ilə pilot layihə çərçivəsində Azərbaycanda 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi haqqında İcra müqaviləsi imzalayıb. Şirkət müqavilənin dəyərini $200 milyon məbləğində qiymətləndirir.*
N.Abbasova