2019-cu ildə Azərbaycan və Rusiya arasında dəmir yolları ilə yükdaşımaların həcmi 31,5% artıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Cavid Qurbanov məlumat verib.
ADY-dən verilən məlumata görə, C.Qurbanov Bakıda Rusiya Federasiyasının Rostov vilayətinin iqtisadi inkişaf naziri Maksim Papuşenko ilə görüşüb.
“ADY sədri Rusiya ilə dəmir yolu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.
“Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 2019-cu ildə 6,24 milyon ton yük daşınıb ki, bu da 2018-ci illə müqayisədə 31,5% çoxdur”, - deyə o bildirib.
C.Qurbanov, həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi, dəmir yolu infrastrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər haqqında da məlumat verib.
Öz növbəsində, M.Papuşenko Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin hər iki ölkənin tranzit potensialının artırılmasında mühüm rolunu qeyd edib. Vilayətin iqtisadi imkanlarından söhbət açan nazir beynəlxalq nəqliyyat marşrutları vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınmasında maraqlı olduqlarını vurğulayıb.*
B.Rüstəmbəyov