Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə çeklərlə hesablaşma mexanizminin tətbiqi mümkünlüyünü nəzərdən keçirir. Bu barədə AMB-nin məlumatında deyilir.
“Sahibkarlarla keçirilən görüşdə ölkədə çeklərlə hesablaşmaların tətbiqi mexanizminin araşdırılması məsələsi qaldırılıb. Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bildirib ki, Mərkəzi Bank bu istiqamətdə işə başlayıb, bununla bağlı İşçı qrupun üzvlərindən ibarət nümayəndə heyəti Türkiyənin “Ziraat Bank”ı ilə təcrübə mübadiləsi aparıb”, - deyə məlumatda qeyd olunur.
O vurğulayıb ki,bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət dövriyyəsinin artmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, sahibkarlar tərəfindən gələcək valyutalaşma tarixində ödənişlərin həyata keçirilməsi, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq.
“Sözügedən məsələlərin sahibkarlar tərəfindən yüksək dəstəklənməsi nəzərə alınmaqla ölkədə çeklərlə hesablaşma mexanizminin tətbiqi ilə bağlı Proqram hazırlanacaq, müvafiq qanunvericilik çərçivəsi, eləcə də texnoloji və idarəetmə infrastruktu ilə bağlı məsələlərin həllinə başlanılacaq”, - deyə məlumatda bildirilir.*
Ə.Məmmədov