OPEC+ iclasının yekunları üzrə neft istehsal edən ölkələrin Əməkdaşlıq Xartiyası çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinə dair sənəd imzalanıb. Bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.
"Aprelin 1-dən heç bir ölkənin neft hasilatının azaldılması üzrə öhdəliyi yoxdur", - deyə o əlavə edib.
Nazirin sözlərinə görə, Rusiya şirkətlərlə aprel ayında hasilatın artırılması variantını hələ müzakirə etməyib.
"Biz elə indi Xartiya (OPEC+ - İF) çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirməklə bağlı birgə sənəd imzaladıq. Hasilatın azaldılmasına gəlincə, yəqin ki, bu gün qəbul edilmiş qərar nəzərə alınmaqla, cari ilin aprel ayının 1-dən bizim, OPEC-ə və qeyri-OPEC-ə daxil olan ölkələrin heç birinin hasilatın azaldılması ilə bağlı öhdəliyi yoxdur", - deyə Novak bildirib.*