Azərbaycanda daha 3 nəfərdə koronavirus (Covid-19) aşkarlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
“İran İslam Respublikasından qayıdan üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlar 1938, 1993 və 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır. Sonuncu 2 nəfər İranın Qum şəhərində təhsil alan tələbələrdir. Onlar xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər”, - deyə məlumatda bildirilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların sayı 9 nəfərə çatıb. Onlardan 7 nəfəri Azərbaycan, 1 nəfəri Rusiya, 1 nəfəri isə Almaniya vətəndaşıdır.
Qərargahın məlumatına görə, pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur.
“Pasiyentlərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov