Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan İrana $5 milyon məbləğində maliyyə yardımı göstərəcək. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir. Koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına $5 milyon məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib”, - deyə məlumatda bildirilir.
Bu vəsait 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan ayrılacaq.
Nazirlər Kabinetinin məlumatına görə, Azərbaycan Respublikası COVID-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Dünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.*
N.Abbasova