Azərbaycanda tibbi maskaların qanunsuz satışı ilə məşğul olan və onları ölkə hüdudlarından kənara çıxarmağa cəhd göstərən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
“DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Cinayətkar dəstələrin üzvləri arasında Azərbaycan, İran və Çin vətəndaşları var.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb.
“Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə