2020-ci ilin fevral ayında Azərbaycanda gündəlik 750,6 min barrel neft hasil edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“2020-ci ilin fevral ayında Azərbaycanda gündəlik 750,6 min barrel neft hasil olunub. Bununla da OPEC+ çərçivəsində öhdəlik yerinə yetirilib (gündəlik 769 min barrel - İF)”, - deyə məlumatda bildirilir.
Fevralda Azərbaycanda gündəlik 667,4 min barrel neft və 83,2 min barrel kondensat hasil olunub.
Gündəlik 530,3 min barrel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac olunub.
“Nazirlik fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib”, - deyə məlumatda qeyd olunur.
2019-cu il dekabrın 6-da əldə edilmiş razılaşmaya uyğun olaraq, OPEC ölkələri 1 yanvar 2020-ci il tarixindən gündəlik neft hasilatının həcminin əlavə olaraq 372 min barrel, qeyri-OPEC ölkələri isə 131 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Cari ilin I rübündə hasilatın azaldılmasına dair sövdələşmə çərçivəsində Azərbaycan üçün yeni kvota sutkada 769 min barrel təşkil edir. Bu öhdəlik 2020-ci il aprelin 1-dək qüvvədədir.*
N.Abbasova