Prezident İlham Əliyev bəyan edib ki, ölkə hakimiyyəti fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinin nümayəndələrinə dəvət göndərməyib.
“Seçkilərdə müşahidəçilərlə bağlı məsələyə toxunmaq istəyirəm. Biz müşahidəçi qismində dəvət etdiyimiz bütün təşkilatları bu seçkilərdə görmüşük. Ancaq Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir. Beləliklə, biz bu təşkilatı dəvət etmirik. Onlar isə bəyanat yayırlar ki, bu seçkiləri müşahidə etməkdən imtina edirlər. Bu, ən yumşaq sözlə desəm, siyasi saxtakarlıqdır. Çünki biz sizi dəvət etmirik, biz sizi burada görmək istəmirik, biz sizə inanmırıq. Belə olan halda gəlib deyəsən ki, biz imtina edirik, bu, gülməlidir və təəccüblüdür”, - deyə o, bu gün altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər. Eyni zamanda, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Bəyan etmişdir ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir.
Prezident vurğulayıb ki, Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumlar bu dəfə də hansısa qüsurları qabardıb, onları böyük hadisə kimi təqdim etməyə çalışmışdılar. “Bu dəfə də qüsurlar olub və 4 dairənin nəticələrinin ləğv edilməsi onu göstərir ki, bu qüsurların olmaması üçün Azərbaycan özü maraqlıdır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyinə gəlincə, bu dəfə görünür ki, ciddi hadisə baş vermədiyi üçün onlar da məcbur olub öz məruzəsini müəyyən dərəcədə balanslaşdırılmış formada təqdim etsinlər. Halbuki, biz çoxdan bilirik ki, onların məruzələri seçkilərdən əvvəl yazılır və harada yazılır, onu da biz bilirik”, - deyə İ.Əliyev əlavə edib.
Dövlət başçısının sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir və nümayiş etdirir ki, bu qurum siyasi sifariş icra edir. “Son misal 2018-ci ildə Ermənistanda keçirilmiş parlament seçkiləri idi. Bildiyiniz kimi, bu seçkilər o vaxtkı hakim faşist respublikaçılar partiyası tərəfindən tam saxtalaşdırılmışdı, - mən bu partiyanı faşist adlandırıram, təkcə onların ideologiyasına, onların mahiyyətinə görə yox, eyni zamanda, onların embleminə baxmaq kifayətdir ki, hər kəs görsün, faşist Almaniyasının emblemi ilə onların emblemi fərqlənmir, - və Respublikaçılar partiyasının özünə 50 faizdən çox səs yazdırdığı bu saxtalaşdırılmış seçkilərə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müsbət rəy vermişdi. Bir sözlə, bu saxtakarlığa şərik çıxmışdır və ondan sonrakı hadisələr hər kəs üçün bəllidir. Yəni, sadəcə olaraq, bunu misal kimi gətirməklə bir daha demək istəyirəm ki, bu qurumun rəyi bizim üçün tamamilə əhəmiyyətsizdir. Çünki bu rəy yenə də siyasi sifariş əsasında yazılır və bu, elə bil ki, bəzi dövlətlərin aparıcı dairələrinin bir təzyiq üsuludur”, - deyə o bildirib.*
A.Əzizov