Prezident İlham Əliyev ölkədə aparılan islahatlarda yeni çağırış parlamentin fəal iştirakını gözləyir.
“İslahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində”, - deyə o, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, deputatlar daha çox keyfiyyətə fikir verməlidirlər. “Mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır”, - deyə İ.Əliyev qeyd edib.
O deyib ki, iqtisadi islahatlar nəticə verir. Bu ilin iki ayında vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar, məhz şəffaflığa görə, məhz kölgə iqtisadiyyatına qarşı mübarizəyə görə. Kölgə iqtisadiyyatına qarşı mübarizə öz nəticəsini verməkdədir və getdikcə kölgə iqtisadiyyatının əhatə dairəsi daralacaq. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft sektorunda isə 6,7 faiz artıb. Qeyri-neft sənaye istehsalı sahəsində artım 21,7 faizdir.
“İnflyasiya cəmi 2,8 faizdir. Əhalinin gəlirləri iki ayda 9 faiz artıb. Bu tendensiya əminəm ki, gedəcək”, - deyə prezident vurğulayıb.
O əlavə edib ki, indi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz Azərbaycana təsir edir. “Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq. Halbuki indi bir çox ölkələr bundan ciddi əziyyət çəkir. Azərbaycanda isə operativ qərargah yaradıldı və bu gün səhər mənə verilən məlumata görə, artıq xəstələnmiş vətəndaşların sağalması prosesi də uğurla gedir. Karantində olanlar da artıq karantin müddətini başa çatdırırlar və evlərə buraxılırlar. Yəni, vəziyyətə tam nəzarət edilir”, - deyə İ.Əliyev bildirib.*
A.Əzizov