Aşqabad və Bakı Avropa bazarlarına enerji daşıyıcılarının tədarükü üzrə çoxvariantlı sistemin yaradılmasına tərəfdardır. Bu sözləri Türmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün Bakıda deyib.
"Beynəlxalq enerji əməkdaşlığı sahəsində Türkmənistan və Azərbaycan marşrutların şaxələndirilməsi, onların şəffaf fəaliyyət sxemləri, etibarlılığın və təhlükəsizliyin təminatı, çoxtərəfli maraqların nəzərə alınması əsasında enerji daşıyıcılarının Avropa bazarlarına balanslaşdırılmış, çoxvariantlı tədarük sisteminin yaradılmasının tərəfdarıdır", - deyə Berdiməhəmmədov prezident İlham Əliyevlə Bakıda danışıqlar zamanı bildirib.
Türkmənistan liderinin saytında verilən məlumata görə, o deyib ki, bu, hər iki ölkə üçün sərfəlidir, iqtisadi və kommersiya baxımından tam əsaslandırılıb, enerji daşıyıcılarının Avropa istiqamətində mövcud tədarük sistemini balanslaşdırmağa, ona lazımi dayanıqlılıq verməyə, siyasi risklərdən qorumağa imkan verir.
Q.Berdiməhəmmədov, həmçinin Azərbaycanla neft-qaz və kimya sənayesi, toxuculuq sənayesi, yüksək texnologiyalar sahəsində əməkdaşlığa hazır olduğunu qeyd edib.
"İkitərəfli iqtisadi qarşılıqlı fəaliyyətə innovativ xarakter vermək lazımdır. Azərbaycanın bu seqmentdə yaxşı uğurları var və Türkmənistan tərəfi bu təcrübədən qarşılıqlı maraq və qarşılıqlı faydalı əsasda istifadə etmək istərdi", - deyə Berdiməhəmmədov bildirib.*
B.Rüstəmbəyov