Azərbaycan Mərkəzi Bankı (AMB) növbədənkənar valyuta hərracı keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında $155 milyon təşkil edən tələb tam şəkildə təmin edilib ki, bu da dünən keçirilmiş hərracla müqayisədə 52% azdır. Tələb tam təmin edilib”, - deyə məlumatda bildirilir.
Növbəti valyuta hərracı qrafikə uyğun olaraq 12 mart 2020-ci il tarixində keçiriləcək.
Neftin qiymətinin kəskin ucuzlaşması fonunda martın 9-dan etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub. Xüsusilə, əhali valyuta mübadiləsi məntəqələrində fəal şəkildə xarici valyuta alır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.*
Ə.Məmmədov