Bu gün Bakıda Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında yüksək səviyyədə aparılmış danışıqların yekunları üzrə Azərbaycan-Türkmənistan sənədləri imzalanıb.
Türkmənistan liderinin saytında verilən məlumata görə, dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Birgə Bəyanat imzalayıblar.
Hökumətlərarası səviyyədə "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş", "2008-ci il 19 may tarixli Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol" imzalanıb.
Bundan başqa, "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın "Türkmen Aragatnaşyk" Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", Rabitə operatorları "AzərTelekom" MMC və "Türkməntelekom" Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın "Türkmənhavayolları" Agentliyi arasında Protokol”u, "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol" imzalanıb.
Həmçinin humanitar sahədə dialoqun aktivləşdirilməsinə xidmət edən bir sıra sənədlər də imzalanıb.*
B.Rüstəmbəyov