Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 koronavirusun aşkarlanması məqsədilə Azərbaycana əlavə 3 min test gətirib. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
“İlkin mərhələdə Azərbaycana 1 min test gətirilib. Bazar günü (martın 8-də - İF) Azərbaycana əlavə 3 min test gətirilib”, - Harmancı AzTV dövlət telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ÜST koronavirusun yayılması ilə mübarizəyə 3-6 ay müddətinə nəzərdə tutulan strateji planın hazırlanmasında Azərbaycana yardım etməyi planlaşdırır.
O əlavə edib ki, hazırda Azərbaycan koronavirusun aşkarlanmasının import xarakteri daşıdığı ölkələr sırasına daxildir, yəni xaricdən yoluxma halları olub.
Harmancı vurğulayıb ki, bazar günündən etibarən ÜST-nin ekspertləri Bakıdadır və martın 12-dən vəziyyətin və hökumətin hərəkətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycanın regionlarına səfərlərə start verəcəklər.
Xəbər verildiyi kimi, indiyədək Azərbaycanda 13 nəfərdə koronavirus aşkarlanıb, onlardan 11 nəfər Azərbaycan, bir nəfər – Rusiya, bir nəfər - Almaniya vətəndaşıdır. Hazırda 10 nəfər həkimlərin nəzarəti altındadır. 3 nəfər müalicədən sonra evə buraxılıb.
O cümlədən, karantin müddətindən sonra 312 nəfər evə buraxlıb, onlarda koronavirus aşkarlanmayıb. **
A.Əzizov