Azərbaycanda koronavirusa görə yaranmış risklərlə əlaqədar turizm subyektlərinə dəstək mexanizmi hazırlanır. Bu barədə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov məlumat verib.
"Bu ilin iki ayı ərzində Azərbaycana turist axını artıb. Ancaq dünyada baş verən son hadisələrlə əlaqədar mart-aprel aylarında dəyişikliklər gözlənilir. Buna görə biz hər gün müşahidələr aparır, ayrı-ayrı bronların, uçuşların ləğv edilməsi barədə məlumat toplayır, otelyerlər və turizm şirkətləri ilə məsləhətləşmələr aparırıq", - deyə Qasımov bu gün jurnalistlərə bildirib.
O, həmçinin qeyd edib ki, dünya və daxili turizm bazarında vəziyyətin ətraflı öyrənilməsi və mümkün itkilərin təhlili ilə yanaşı, yerli turizm subyektlərinə dəstək mexanizminin istifadəyə verilməsi prosesi də müzakirə edilir. Bu mexanizm vergidən azad edilməni, həmçinin, subsidiyalaşdırma prosesini istisna etmir.
"Bu, bir neçə mümkün variantdır. Ətraflı təhlildən sonra dəqiq məlum olacaq. Bu problem dünyanın bir çox ölkələrində müşahidə olunur. Biz bazarda dəyişikliklərə hazır olmalıyıq", - deyə Qasımov vurğulayıb.
X.Nəsirzadə