Bakı və Aşqabad nəqliyyat sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu sözləri prezident İlham Əliyev deyib.
“Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq”, - deyə o, bu gün Bakıda Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, hər iki ölkənin əsas limanları əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və yük axınını artırmağa imkan verir.
“Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik”, - deyə İ.Əliyev vurğulayıb.
O, Türkmənistanla enerji sahəsində əməkdaşlığa da toxunub.
“Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq”, - deyə prezident vurğulayıb.*
B.Rüstəmbəyov