Azərbaycanın vergi orqanları tərəfindən “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” MMC qeydiyyata alınıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Vergilər Nazirliyindən məlumat verilir.
“Fevralın 12-də deydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Rəsmi nümayəndəsi Tural Şükürovdur”, - nazirlikdən qeyd olunub.
Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin aprel ayında mediatorun vasitəçiliyi ilə mübahisələrin alternativ həlli üsullarını tənzimləyən Mediasiya haqqında Qanunu təsdiq edib.
Mediasiya proseduru ictimai münasibətləri tənzimləyir. Həmçinin qanun mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: könüllülük; tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; mediatorların qərəzsizliyi və müstəqilliyi; mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; konfidensiallıq.
Mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır.
Məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər mediator ola bilməzlər.**
Ə.Məmmədov