Azərbaycan Mərkəzi Bankı (AMB) 10-12 mart tarixlərində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərraclarında banklara ümumilikdə $699 milyon satıb.
AMB-nin məlumatına görə, martın 12-də keçirilmiş valyuta hərracında bankların tələbi $220,8 milyon təşkil edib. Bankların hərracda tələbi tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Bu, o deməkdir ki, martın 13-də də manatın dollara nisbətən məzənnəsi 1,7 manat/$1 səviyyəsində olacaq.
Martın 10-da AMB və ARDNF tərəfindən banklara $323,2 milyon, martın 11-də isə $155 milyon satılıb.
Neftin qiymətinin kəskin ucuzlaşması fonunda martın 9-dan etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub. Xüsusilə, əhali valyuta mübadiləsi məntəqələrində fəal şəkildə xarici valyuta alır.
Cari ilin yanvar-fevral aylarında valyuta hərraclarında $843,6 milyon məbləğində xarici valyuta satılıb.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.*
Ə.Məmmədov