Azərbaycan neft hasilatının məhdudlaşdırılması üzrə OPEC+ sazişinin 2020-ci ilin sonunadək uzadılmasının tərəfdarı olub. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“Azərbaycan OPEC+ ölkələrinin nazirlər iclasında (martın 6-da - İF) neft hasilatının əlavə gündəlik 1,5 milyon barrel azalması ilə hasilatın məhdudlaşdırılması üzrə sazişin 2020-ci ilin sonunadək uzadılmasının tərəfdarı olub. Məlum olduğu kimi, danışıqlar dalana dirənib və razılaşma 2020-ci il martın 31-dək qüvvədədir. Artıq bu əməkdaşlıq formatının sonu olmasına dair rəylər səslənir, lakin bəzi məqamlar bu formatın davam edəcəyinə ümidvar olmağa imkan verir”, - Əliyeva bəyan edib.
O xatırladıb ki, 2019-cu ilin yayında OPEC+ ölkələri Əmədaşlıq haqqında Xartiya imzaladılar, bu sənəd çərçivəsində məsləhətləşmələr davam edib.
“Bundan əlavə, Rusiya və Səudiyyə Ərəbistanın mövqelərində fikir ayrılıqları bu formatın iştirakçısı olan digər ölkələrin maraqlarını əks etdirmir. Çünki OPEC+ çərçivəsində əlaqələndirmə və birlik müşahidə olunurdu. Bundan əlavə, gələcəkdə neft hasil edən ölkələrin iqtisadiyyatlarının inkişafında gözlənilən azalmanı diqqətə almaq lazımdır. Bu 3 şərt OPEC+ formatının qorunacağına ümid verir”, - Əliyeva bildirib.
Onun sözlərinə gör, 2014-cu ilin sonunda neft bazarında formalaşan vəziyyət nəticədə OPEC+ formatının yaranmasına gətirdi. Mövcud olduğu 3 il ərzində bazara müsbət təsir edən bir sıra qərarlar qəbul olunub.
“Bazar öz özünə buraxılmayıb, tənzimlənmə mexanizmi qüvvədə olub. Bu təcrübəni və hazırda bazarda vəziyyəti nəzərə alaraq, ehtimal etmək olar ki, nəticədə kompromiss əldə olunacaq və neft bazarı bərpa ediləcək. Biz özümüz də neft bazarında ədalətli qiymətin təşəkkül tapması, təklif və tələbat arasında balansın bərpası, bazarın volatilliyinin aradan qaldırılmasında maraqlıyıq”, - müşavir vurğulayıb. **
N.Abbasova