Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək kifayət qədər likvid aktivlərə malikdir. Bu barədə “İnterfaks-Azərbaycan”a Fonddan məlumat verilib.
“ARDNF-nin vəsaitlərinin xüsusi çəkisində hər zaman kifayət qədər likvid, yəni qısa müddət ərzində asanlıqla nağdlaşdırıla biləcək aktivlər mövcuddur. Hazırda əhəmiyyətli paya malik olan bu vəsaitlər ARDNF-nin büdcə öhdəliklərinin tam, dəqiq yerinə yetirilməsinin ən böyük təminatıdır. Hazırda ARDNF-nin investisiya portfelində uzunmüddətli dövr ərzində yüksək gəlirlilik nümayiş etdirən və bununla yanaşı yüksək qiymət dəyişkənliyi ilə səciyyələnən səhmlər təxminən 10% paya malikdir”, - Fonddan qeyd olunub.
Vurğulanıb ki, Fondun vəsaitlərində istiqrazların xüsusi çəkisi isə təqribən 70% təşkil edir.
“ARDNF həmçinin son zamanlar qabaqlayıcı tədbirlər çərçivəsində istiqraz aktiv növünün daxilində dövlət və yüksək reytinqli istiqrazların payını əhəmiyyətli şəkildə artırmışdır. Əlavə olaraq ARDNF-nin vəsaitlərində qızıl aktivi də yer alır ki, məlum olduğu kimi bu aktiv növü də qeyri-müəyyənliklər zamanı sığorta rolunu oynayır. Hal-hazırda bu aktiv növü təqribən 5,4 milyard ABŞ dolları ilə ümumi vəsaitlərin təxminən 12%-ni təşkil edir. Ümumi çəkisi təxminən 101,5 ton təşkil edən qızıl aktivləri ölkəyə gətirilərək ARDNF-nin xüsusi xəzinəsində saxlanılmaqdadır”, - Fonddan məlumat verilib.
2019-cu il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $43 milyard 323,28 milyon təşkil edib, bunun $0,6 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib. Bu dövrdə ARDNF-in investisiya portfeli $43 milyard 322,68 milyona bərabərdir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
Ə.Məmmədov