Azərbaycanda koronavirusdan ilk ölüm halı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
“İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət etmişdir. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilmişdir. Ağır gedişli autoimmun xəstəlik fonunda xəstədə ciddi ağciyər zədələnməsi və buna bağlı tənəffüs çatışmazlığı, həmçinin yüksək dozalı steroid və kimyəvi dərman müalicəsi fonunda ciddi immun yetməzlik aşkar olunmuşdur. Eyni zamanda, həmin şəxsin koronavirus infeksiyasına yoluxduğu müəyyən olunmuşdur”, - deyə məlumatda bildirilir.
Xəstə xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş, onun vəziyyəti nəzarətə götürülmüş və intensiv müalicə tədbirlərinin həyata keçirilməsi davam etdirilmişdir.
“Bütün səylərə baxmayaraq həmin şəxsin ağır autoimmun xəstəliyinə bağlı xroniki ağırlaşmaları dərinləşmiş, çoxsaylı orqan çatışmazlığı inkişaf etmiş, onun həyatını xilas etmək mümkün olmamışdır”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov