“Fitch Ratings" beynəlxalq reytinq agentliyi “Cənub Qaz Dəhlizi” (CQD) QSC-nin avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini BB+ səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin məlumatında deyilir.
“Reytinqin təsdiqlənməsi CQD-nin Azərbaycan hökumətinin tam zəmanəti ilə buraxılan və tədavülü 2026-cı ildə başa çatacaq $2 mlrd. məbləğindəki avrobondları (avrobondların 2 emissiyası çərçivəsində) üzrə “Fitch”in rəyinin dəyişməz olduğunu əks etdirir. Reytinqə əsasən Azərbaycan istiqraz sahiblərinə verilmiş zəmanətləri tam və vaxtında yerinə yetirməyi öhdəsinə götürüb”, - məlumatda bildirilir.
“Fitch” qeyd edir ki, Azərbaycan zəmanətlərinin icrası üçün 2016-2019-cu illər üçün dövlət büdcəsində ehtiyatlar nəzərdə tutub və agentlik bu tendensiyanın 2020-ci ildə də davam edəcəyini gözləyir.
“Fitch” CQD rəhbərliyinin proqnozlarına istinadən bildirir ki, 2020-ci ildə CQD-nin əməliyyat və əsaslı xərcləri üçün maliyyə ehtiyacları təxminən $402,2 mln. təşkil edəcək.
Agentliyin məlumatına görə, CQD layihəsi kredit və dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. 2019-cu ilin sonuna CQD-nin borcunun 38,5%-ni ARDNF-in istiqrazları, 30,9%-ni beynəlxalq maliyyə institutlarının kredit və təminatları, 30,6%-ni isə avro ilə istiqrazlar təşkil edib.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 milyard təşkil edir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD 4 layihədən ibarətdir, bunun 3-ü artıq başa çatıb. TAP qaz kəmərinin tikinti işləri 93% başa çatıb.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.**
Ə.Məmmədov