Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti martın 14-dən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.
“Bu qərar martın 24-dək qüvvədə olacaq”, - “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.
“COVID-19 koronavirus infeksiyası ilə əlaqədar, sərnişinlər bütün ləğv olunmuş istiqamətlər üzrə aviabiletləri geri qaytara və ya dəyişdirə, fəaliyyətdə olan istiqamətlər üzrə isə aviabiletləri dəyişdirə bilərlər. Daha ətraflı məlumat, həmçinin biletlərin geri qaytarılması proseduru aviaşirkətin saytında yerləşdirilib”, -aviaşirkətdən bildirilir.
Xəbər verildiyi kimi, Azərbaycan vəGürcüstan martın 14-dən bütün növ nəqliyyat üçün ümumi sərhədin 10 gün müddətinə müvəqqəti bağlanmasına dair qərar qəbul ediblər. **
N.Abbasova