Azərbaycan və Türkiyə prezidentləri iki ölkə arasında hava və quru yolu ilə səfərlərin müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.
Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verir.
“Telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar. Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 martdan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov