Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları” koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı-Paris-Bakı (Fransa), Bakı-Berlin-Bakı (Almaniya), Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı (Qazaxıstan) istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırır. Bu barədəNazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğu nəzərə alınaraq, COVID-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı (Fransa), Bakı-Berlin-Bakı (Almaniya), Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı (Qazaxıstan) istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır”, - məlumatda qeyd olunur.
Həmçinin operativ qərargahın 2020-ci il 12 mart tarixli məlumatına əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək. **
B.Rüstəmbəyov