Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına COVİD-19 koronavirus infeksiyasının pandemiyası şəraitində xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini tövsiyə edir. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bazar günü yaydığı bəyanatda deyilir.
XİN qeyd edir ki, infeksiyanın geniş yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan hökuməti vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edir. “Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə geri qayıtmaq mexanizmləri barədə məlumatlar əlavə olaraq vətəndaşlarımızın diqqətinə çatdırılacaq. COVİD-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçiriləcəklər və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar”, - XİN qeyd edir.
Xəbər verildiyi kimi, indiyədək Azərbaycanda 23 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Eyni zamanda, 6 nəfər müalicədən sonra sağalıb, daha bir nəfər vəfat edib. Beləliklə, xəstəxanalarda 16 nəfər koronavirusdan müalicə alır, onlardan iki nəfər əcnəbidir. **
B.Rüstəmbəyov