1 fevral 2020-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 712,1 manat (cari məzənnə ilə $418,9 – İF-Az) təşkil edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 27,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya, rabitə, peşə, elmi və texniki fəaliyyət, nəqliyyat, anbar təsərrüfatı və tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2020-ci il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 641 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur. Onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə