2021-2022-ci illərdə Azərbaycanda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri pulsuz mənzillərlə tam təmin olunacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
Bazar ertəsi prezident əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərək, onunla ölkədə aparılan sosial islahatlar məsələrini müzakirə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“2019-cu ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 934 mənzil və fərdi ev təqdim olundu. Biz bu proqramla respublikanın 25 rayonunu əhatə etmişik. Bu proqram 2020-ci ildə daha da genişləndirilib - 1500 mənzili və fərdi evi əhatə edib. Proqram 52 rayonumuz əhatə olunmaqla 700 mənzili və 800 fərdi evi nəzərdə tutur.Artıq bütün inventarlaşma işləri yekunlaşdırılıb, müvafiq satınalmalar elan edilib”, - Babayev bildirib.
Nazir qeyd edib ki, bu il Gəncə istisna olmaqla, respublikanın əsas şəhərlərində növbədə olan bütün insanlar mənzil və evlə təmin ediləcəklər.
“Gəncədə 170 nəfər növbədədir, onların da 100 nəfərinə bu il evlər, mənzillər təqdim olunacaq”, - Babayev bildirib.
“Bu sürətlə getsək, həmin kateqoriyadan olan və növbədə duran bütün vətəndaşları biz 2021-2022-ci illərdə evlərlə, mənzillərlə təmin edəcəyik”, - Əliyev qeyd edib. **
N.Abbasova