Azərbaycanın baş naziri Əli Əsədov dövlət strukturlarına məmurların xarici ölkələrə ezamiyyətləri dayandırmağı tapşırıb.
Nazirlər Kabinetindən “İnterfaks-Azərbaycan”a verilən məlumata görə, dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqların yer aldığı məktub göndərilib.
Xüsusilə, tapşırıqlardan biri əməkdaşların xarici ölkələrə rəsmi səfərlərinin dayandırılmasıdır.
Bundan başqa, dövlət strukturlarına iclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilməsi; mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılması; işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilməsidir.
Bundan başqa, məmurlara yerlərdə səyyar qəbulların keçirilməsini dayandırmaq tapşırılıb.
Yuxarıda qeyd olunan müddəalar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir. **