Azərbaycan Mərkəzi Bankı (AMB) 10 mart tarixindən etibarən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərraclarında banklara ümumilikdə $1 milyard 214,5 milyon satıb.
AMB-nin məlumatına görə, martın 17-də keçirilmiş valyuta hərracında bankların tələbi $250,3 milyon təşkil edib. “Bankların hərracda tələbi tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi dəyişməyib və 1,7000 səviyyəsində formalaşıb”, - məlumatda qeyd olunur.
Bu, o deməkdir ki, martın 18-də də manatın dollara nisbətən məzənnəsi 1,7 manat/$1 səviyyəsində olacaq.
Xəbər verildiyi kimi, martın 10-da AMB və ARDNF tərəfindən banklara $323,2 milyon, martın 11-də - $155 milyon, martın 12-də - $220,8 milyon, martın 13-də - $265,2 milyon satılıb.
Neftin qiymətinin kəskin ucuzlaşması fonunda martın 10-dan etibarən Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub. Xüsusilə, əhali valyuta mübadiləsi məntəqələrində fəal şəkildə xarici valyuta alır.
Cari ilin yanvar-fevral aylarında valyuta hərraclarında $843,6 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF bəyan edib ki, cari il valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.**
A.Əzizov