2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana $122 milyon 892,93 min dəyərində 11,547 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 2,2 dəfə artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $99 milyon 413,26 min dəyərində 10,717 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə minik avtomobillərinin idxalı 2,3 dəfə artıb.
Cari ilin yanvar-fevral aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş $10 milyon 547,44 min dəyərində 741 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,9 dəfə) və $5 milyon 563,94 min dəyərində 25 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 10,7%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $7 milyon 368,29 min dəyərində 64 ədəd (artım 1,7 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov