2019-cu ilin yekunları üzrə “AXA Mbask” sığorta şirkətinin (“AXA” sığorta şirkətinin Azərbaycandakı törəməsi) xalis zərəri 4 milyon 25 min 562,7 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xatırladaq ki, şirkət 2018-ci ili 94 min 635,93 manat məbləğində xalis mənfəətlə başa vurub.
“AXA Mbask”ın 2019-cu il üzrə auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 11 milyon 346 min 974,4 manat (azalma 51,8%), o cümlədən sığorta haqları 862 min 170,33 manat (azalma 95,2%), təkrarsığorta üzrə sığorta haqları 113 min 212,26 manat (azalma 79,8%), investisiya gəlirləri 865 min 128,36 manat (azalma 44,2%) təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 15 milyon 372 min 537,1 manat (azalma 34,4%), sığorta ödənişlərinin həcmi 6 milyon 101 min 168,25 manat (azalma 36,2%), qaytarılan sığorta haqları 518 min 61,51 manat (azalma 48,6%), sığorta işinin aparılması xərcləri 6 milyon 916 min 591,23 manat (azalma 32,8%) təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Bu dövrdə “AXA Mbask” sığorta şirkətinin aktivləri 49,2% - 18 milyon 232,232 min manatadək, kapitalı 26,3% - 16 milyon 884,078 min manatadək, öhdəlikləri 89,6% - 1 milyon 348,155 min manatadək azalıb.
2019-cu ildə şirkətin nizamnamə kapitalı 23 milyon 933,828 min manat (dəyişməyib) təşkil edib.
Hesabat ilində şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 48,9% - 9,31 milyon manata qədər azalıb.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və sığorta haqlarının yığımı və ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarları İspaniyanın “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” şirkətidir.*
Ə.Məmmədov