“Azərbaycan Hava Yolları” (AZAL) QSC koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar Türkiyə, İtaliya, Rusiya və Macarıstandan 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib.
“AZAL bu günədək İstanbul, Ankara, Antalya, Moskva, Sankt-Peterburq, Roma və Budapeşt kimi şəhərlərə 12 çarter reysi həyata keçirərək 1743 Azərbaycan vətəndaşının geri qayıtmasını təmin edib”, - deyə AZAL-ın məlumatında bildirilir.
“Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində bütün zəruri tədbirlər görülməkdədir. “Azərbaycan Hava Yolları”nın ekipaj üzvləri, aviakassa əməkdaşları daxil olmaqla bütün heyəti gücləndirilmiş iş rejimində çalışmaqda davam edir”, - deyə məlumatda qeyd olunur.
Azərbaycana qayıdan hər bir şəxs həkim müayinəsindən keçir, zərurət olduqda karantinə yerləşdirilir. Bu səbəbdən, vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata keçirilir.
“Uçuşlar zamanı, ilk növbədə, Azərbaycana geri dönüş bileti olan vətəndaşlarımızın, yaşlı, azyaşlı uşağı olan və xəstəliyi ilə əlaqədar xaricdə olan şəxslərin qayıdışına üstünlük verilir. Xaricdə olan digər vətəndaşlarımızdan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlik və konsulluqlarında qeydiyyatdan keçmələri və geri dönüşləri üçün müəyyən olunan qrafiklərə ciddi əməl etmələri tələb olunur”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova