Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Rusiya Federasiyası ilə sərhəddə sərhəd-keçid məntəqələrinin yaxınlığında 2 qəbul-çeşidləmə məntəqəsi qurulub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” və Xaçmaz rayonunun ərazisində yerləşən “Xanoba” sərhəd-keçid məntəqələrinin yaxınlığında 2 qəbul-çeşidləmə məntəqəsi qurulub”, - deyə məlumatda bildirilir.
Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları fəaliyyət göstərir.
“Sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin ediləcək”, - deyə məlumatda qeyd olunur.
Hər birində 20 çadır olan məntəqələrdə eyni vaxtda 100 nəfər qala bilər.*
X.Nəsirzadə