Yeni Azərbaycan Partiyası (YAP) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyanın mətbuat xidmətindən məlumat verilib.
“Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara almışıq. Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanları daxilində dəstək göstərmək tövsiyə olunub”, - deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev martın 19-da “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, ölkədə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılır.
Fondun vəsaitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat ayrılır.
Şərtlərə görə, fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.
Bu günədək Azərbaycanda koronavirusa 44 yoluxma halı qeydə alınıb. 33 nəfərin müalicəsi davam edir, 10 nəfər sağalıb, 1 nəfər dünyasını dəyişib.*
Ə.Məmmədov