Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi üzrə konsorsium boru kəmərinin istismara verilməsi və sınaqdan keçriilməsi üzrə işlərin davam etdirilməsi üçün səy göstərir. Bu barədə konsorsiumun bəyanatında deyilir.
“Qəbul edən ölkələrdə tətbiq olunan karantin tədbirləri ilə bağlı problemlərə baxmayaraq, hazırda TAP səy göstərir və boru kəmərinin istismara verilməsi və sınaqdan keçriilməsi üzrə işlərin davam etdirilməsi üçün daha effektiv strategiya reallaşdırır. TAP-ın fəaliyyəti qəbul edən ölkələrin sanitar normalarına tam uyğundur və layihə üzrə işlərin ilk qazın 2020-ci il ərzində nəqlinə doğru irəliləməsinə yönəlib”, - deyə məlumatda vurğulanır.
Konsorsium qeyd edir ki, TAP layihəsi üzrə əməkdaşların, podratçıların və tərəfdaşların sağlamlığı və təhlükəsizliyi şirkət üçün başlıca prioritet olaraq qalır.
“Biz COVID-19 pandemiyası ilə bağlı hadisələri diqqətlə izləyir, ictimai səhiyyə orqanlarının son göstərişlərinə ciddi şəkildə riayət edirik. ТAP yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görüb. Xüsusilə bütün qəbul edən ölkələrdə (İsveçrə, Yunanıstan, Albaniya və İtaliya) bir çox əməkdaşlar və məsləhətçilər üçün evdə “ağıllı iş” tətbiq edilib, TAP-ın obyektlərində müntəzəm olaraq dezinfeksiya işləri həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Yerlərdə işçi heyətin iş şəraiti qəbul edən ölkələrin sanitar normalarına tamamilə uyğundur. Yalnız biznes üçün son dərəcə vacib olan fəaliyyət növləri davam etdirilir.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 milyard kubmetr təşkil edəcək. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur. Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ilin IV rübündə gözlənilir.*
N.Abbasova