Azərbaycan hökuməti bəzi dövlət qurumlarının əməkdaşlarının növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub”, - deyə məlumatda bildirilir.
Əməkdaşlar əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndəriləcəklər.
"Bu tədbirlər infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə görülüb”, - deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 14 mart saat 00.00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması ilə bağlı qərar qəbul edib.
Bu tədbirlər çərçivəsində ölkə üzrə bütün kütləvi tədbirlər təxirə salınır, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır, bütün toy məclislərinin keçirilməsi qadağan edilir (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla), restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır.
Bu günədək Azərbaycanda koronavirusa 44 yoluxma halı qeydə alınıb. 33 nəfərin müalicəsi davam edir, 10 nəfər sağalıb, 1 nəfər dünyasını dəyişib.*
Ə.Məmmədov