Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 22 mart saat 00.00-dan vətəndaşların sosial izolyasiyası üzrə bir sıra tədbirlərin həyata keçirilməsi haqqında qərar qəbul edib. Bu barədə Operativ Qərargahın məlumatında deyilir.
“Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir”, - deyə məlumatda bildirilir.
Qərara əsasən, ictimai iaşə müəssisələri saat 21.00-dək onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.
Daha əvvəl ictimai iaşə müəssisələri saat 21.00-dək fəaliyyət göstərirdi.
Qərargah qeyd edir ki, məqsəd vətəndaşlarının təmas imkanlarını minimuma endirmək, eyni zamanda, zəruri qidalanma imkankarını saxlamaqdır.
“Qaydanı pozan müəssisələr sərt şəkildə cəzalandırılacaqlar”, - deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə