Prezident İlham Əliyev bu gün bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xatırladaq ki, prezident İ.Əliyev martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
Fondun vəsaitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat ayrılır.
Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Şərtlərə görə, fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.
Fondun vəsaitindən koronavirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur: tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına); xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; tibb sahəsində mütəxəssislərin hazırlanmasına; təbliğat və maarifləndirmə işlərinə; koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.*
X.Nəsirzadə