SOCAR şirkəti bazar günü Supsa limanından Belarusun “Belneftexim” konserni üçün ikinci partiya Azərbaycan nefti göndərib.
“Martın 22-də axşam Gürcüstanın Supsa limanındakı terminaldan ikinci partiya Azərbaycan nefti göndərilib. Beləliklə, şirkət tərəfindən “Belneftexim” ilə nəzərdə tutulan bütün nəqlin həcmi həyata keçirilib”, - “İnterfaks-Azərbaycan”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
O, Belarus tərəfi ilə ixracın davam etdirilməsinə dair məsələyə aydınlıq gətirməyib.
“Hələlik bu qədər. Gələcəyə baxarıq”, - Əhmədov qeyd edib.
Xəbər verildiyi kimi, mart ayında Socar Tradinq (SOCAR-ın törəmə strukturu) Belarusa Odessa limanı və “Odessa-Brodı” neft kəməri ilə 250 min tona yaxın ümumi həcmdə üç partiya neft nəql etməlidir. Martın 12-də Ceyhandan Odessa limanına 90 min ton “Azeri Light”Azərbaycan nefti daxil olub. Martın 18-də - Novorossiyskdan 80 min ton “Urals” nefti gətirilib. Supsadan daha 80 min ton neftin göndərilməsi gözlənilir. Daha sonra Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Mozırsk NEZ-ə nəql ediləcək.
“Belneftexim”im məlumatına görə, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft nəql edə bilər.
2011-ci ildə Azərbaycandan Odessa-Brodı vasitəsilə neft Belarusa nəql olunub. Müqavilə 4 milyon ton nəqlini nəzərdə tuturdu, lakin faktiki göndərilən həcm 900 min tona yaxın təşkil edib. **
N.Abbasova