Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bazar ertəsi bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi.
Bu qərarı M.Əliyeva İnstagram sosial şəbəkəsindəki akkauntunda dərc edib.
Azərbaycan prezidenti İlham Əliyev martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb.
Fondun büdcəsinin formalaşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat ayrılır.
Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Şərtlərə görə, fondun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.
Fondun vəsaitindən koronavirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur: tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə; tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına); xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına; nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə; tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə; tibb sahəsində mütəxəssislərin hazırlanmasına; təbliğat və maarifləndirmə işlərinə; koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.
Hazırda Azərbaycanda COVİD-19 koronavirusa yoluxanların sayı 72 nəfərə çatıb. 61 nəfər xüsusi rejimli xəstəxanalara yerləşdirilib və həkimlərin nəzarəti altındadır. Müalicədən sonra 10 nəfər evə buraxılıb, bir nəfər dünyasını dəyişib. **
.
N.Abbasova