Azərbaycan hökuməti özəl sektoru koronavirus şəraitində əməkdaşlarla əmək müqavilələrinin ləğv edilməsi və biznes fəaliyyətinin məhdudlaşdırılmasına moratorium tətbiq eməyə çağırır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“İqtisadiyyat Nazirliyinin məqsədi – formalaşan şəraitdə Azərbaycan iqtisadiyyatının davamlılığının təminatıdır. 15 gün ərzində koronavirus pandemiyasından zərər görən biznesin dəstəklənməsi üzrə təkliflər hazırlanacaq. Bu təkliflərə vergi güzəştləri və tətilləri, kreditlərin təkrar strukturlaşdırılması və digər addımlar daxildir. Həmin tədbirlər ölkədə iqtisadi artımı dəstəkləməyə imkan yaratmalıdır”, - Cabbarov nazirliyin mətbuat xidmətinə müsahibəsində bildirib.
Nazir, koronavirus səbəbindən formalaşan yeni iqtisadi reallıqlara diqqəti yönəldib. “Birinci məqam: hazırki şəraitdə biznes həmrəylik nümayiş etdirərək, əməkdaşlarla əmək müqavilələrinin ləğv olunmasına moratorium tətbiq etməlidir. Hökumət öz tərəfindən bu məsələyə nəzarət edəcək, digər tərəfdən isə zəruri dəstəyi göstərəcək. Sahibkarlara ismarıcım budur ki, bu zaman dövlət yanınızdadır, biznesin likvidliyinin qorunması və bərpası məqsədilə istənilən maneələri aradan qaldırmağa çalışacaq”, - o qeyd edib.
“İkinci məqam – ticarət məzkəzləri, yarmarkalar, “Mall”arın sahiblərinə müraciət etmək istəyirəm. Onlar sahibkarlar üçün icarə haqqını dondurmalıdırlar və bu yaxın aylar üçün bizim onlara tövsiyyəmizdir. Bu da sosial yanaşmadır, çətin zamanlarda qarşılıqlı dəstək zəruridir. Bizə daxil olan müəyyən siqnallara əsasən, ticarət mərkəzlərinin bəzi sahibləri bu tövsiyyələrə riayət etmirlər. Biz dialoq vasitəsilə onlarla bu məsələləri həll etmək niyyətindəyik”, - iqtisadiyyat naziri bildirib.
Cabbarov əlavə edib ki, həmçinin İqtisadiyyat Nazirliyi ərzaq bazarında qiymət manipulyasiyalarına imkan verməyəcək. **
A.Əzizov