Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar 24 mart 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi elan edir. Bu barədə operativ qərargahdan məlumat verilir.
“Bazar ertəsi Nazirlər Kabinetində baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda müvafiq qərar qəbul olunub. Xüsusi karanatin rejimi bütün respublika ərazisində 20 aprel saat 00:00-dək tətbiq olunacaq”, - qərargahdan bildirilir.
Xüsusi karanatin rejimi çərçivəsində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.
Bundan başqa, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılır. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır.
Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətləri tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir. ctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunur: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.
Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilir. **
N.Abbasova